“Bizim müsahib” rubrikasında növbəti yazını oxucuların müzakirəsinə təqdim edirəm. Bu dəfə suallarımızı paytaxtın Səbail bələdiyyəsinin sədri Hacı əliyev cavablandırır.
Bələdiyyə sədrini az müddət ərzində tanısamda, ilk görüşdən insanda elə bir təəssürat yaradır ki, sanki uzun illərdir bu vəzifədə çalışırmış. Bələdiyyənin fəaliyyətindəki ən incə məqamları belə hiss edən Hacı əliyev həm də rayonda formalaşan digər iki bələdiyyəyə də öz tövsiyəsini verməkdən yorulmur. Bələdiyyə sədrinə ünvanladığımız suallara tez bir zaman kəsiyində qısa və lakonik cavab verməsi, həm də onun bələdiyyə sisteminin inkişafına maraqlı olmasıyla bağlıdır.
- Rəhbərlik etdiyiniz bələdiyyənin qarşılaşdığı problemlərin həllini necə dəyərləndirirsiniz?
- Bu gün bələdiyyələrin nüfuzunun və səlahiyyətinin artırılması üçün qanunda müvafiq dəyişikliklərin edilməsinə ehtiyac var. ilk növbədə bələdiyyənin mülkiyyət hüququnun qanunla təsdiqlənməsi bələdiyyə-vətəndaş münasibətlərinin müasir dövrün tələblərinə uyğun şəkildə qurulmasında böyük rolu ola bilər.
-Səbail bələdiyyəsində vergi-uçot sistemi necə qurulub, sistemdə vergi ödəyiciləri tam əhatə olunurmu?
- Deməliyəm ki, bələdiyyə vergilər dedikdə, AR Vergi Məcəlləsi və "Yerli vergilər və ödənişlər haqqında” Qanunu ilə müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrə ödənilən vergilər nəzərdə tutulur.
Bələdiyyə vergilərinin dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Bələdiyyələrə yerli (bələdiyyə) vergi və ödənişlərin düzgün hesablanmasında, tam məbləğdə və vaxtında ödənilməsində, habelə vergi qanunvericiliyinə riayət edilməsində metodiki rəhbərlik Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Bələdiyyələrin vergi uçotu bu gün BAMS üzərində qurulub. Mütamədi olaraq Vergi mütəxəssisləri tərəfindən ərazidə aparılmış reydlər nəticəsində aşkarlanmış yeni vergi ödəyiciləri sistemə salınır, problemli vergi ödəyicilərində yoxlamalar və düzəlişlər aparılır.
- Qəbul edilən qanunlara hansı əlavələrin edilməsini təklif edərdiniz?
- Düşünürüəm ki, ilk əvvəl “Bələdiyyələrin statusu haqqında” Qanuna yenidən baxılmalı, təftiş edilməli, nəticə etibarıylə mövcud boşluqlar aradan qaldırılmalı və ən əsası səlahiyyətlər çərçivəsinə yenidən baxılmalıdır. Bununla da bələdiyyə və digər icra orqanları paralel fəaliyyətini tənzimlənməsinə şərait yaranar, ən vacibiisə vətəndaş-dövlət, vətəndaş-bələdiyyə münasibətləri möhkəmləndirlər.
- Sizə müraciət edən vətəndaşın daha çox hansı probleminin həllinə nail ola bilirsiniz?
- Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair 255 ərizə, təşkilatlardan isə, 8123 məktub daxil olmuşdur.
- Vətəndaşların müraciətləri əsasən təmir - bərpa, abadlıq quruculuq işlərinin aparılması, maddi yardımlarla əhalinin təmin edilməsi, kommunal xidmətlərin səmərəliliyinin artırılması istiqamətində bələdiyyənin fəaliyyətində daha çox rast gəlinir və operativ şəkildə problemlərin həlli istiqamətində addımlar atılır.
- Bələdiyyənizin əgər DSMF-na və ya digər orqanlara borcu varsa, onun silinməsi üçün hansı addımların atılmasına qərar vermisiniz?
- DSMF ödənişləri Səbail Bələdiyyəsi tərəfindən nəzarətdə saxlanılan ödənişlər arasındadır. Sosial yönümlü ödənişlərin, bələdiyyə qulluqçularının əməkhaqqlarının, komunal xərclərin (Bələdiyyənin yerləşdiyi binanın icarə haqqi, su, işıq, telefon internet haqqı) vacib ödənişlərin öncə ödənilməsi zamanı yığımların azalması, DSMF-yə borclar yaranmasına səbəb olur. Bu borcların qısa zamanda ödənilməsi üçün bütün gəlirlərimiz o səmtə yönəldilir. Qeyd edək ki, 2022-ci il ərzində yaranmış borclar mütəmadi olaraq nəzarətdə saxlanılıb və mümkün qədər tez müddətdə ödənişlər yerinə yetirilib.
- Sizin rayonda icra-bələdiyyə münasibətləri hansı formada tənzimlənir?
- icra hakimiyyəti arasında qarşılıqlı əməkdaşlıq münasibətləri formalaşıb. Rayon ərazisi üzrə keçirilən səyyar görüşlərdə icra hakimiyyəti və bələdiyyə nümayəndələri birlikdə əhalinin problemləri ilə maraqlanır və həlli yollarını tapırlar. ən əsası həyata keçirdiyimiz layihələrin icrasında hər daim rayon icra hakimiyyətinin dəstəyini görürük.
Hazırladı: Vüqar Tofiqli